Facebook sosial şəbəkəsi üzərindən 30-a yaxın canlı konsert verilib
İsmayıllı, 5 may, AZƏRTAC
Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzlərinin solistləri və uşaq incəsənət məktəbinin müəllim və şagirdləri facebook sosial şəbəkəsi üzərindən canlı konsertlərini davam etdirirlər.
Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sosial izolyasiya şəraitində indiyədək 30-a yaxın canlı konsert verilib. Konsertlərin təşkilində əsas məqsəd karantin dövründə evdə qalan insanlarda ruh yüksəkliyi yaratmaq və onlara mənəvi dəstək olmaqdır.
Mədəniyyət Nazirliyinin “Evdə qal”, “Sənətinlə dəstəklə” aksiyaları çərçivəsində təşkil edilən konsertlərdə xalq və bəstəkar mahnılarımız ifa olunur. Bu cür konsertlərin karantin rejiminin başa çatmasınadək davam etdirilməsi nəzərdə tutulur.