Fəlsəfə İnstitutunda italiyalı tədqiqatçı ilə görüş keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının müəllifi, italiyalı tədqiqatçı, professor Mixail Talalayla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qonağa rəhbərlik etdiyi elmi müəssisənin tarixi və fəaliyyəti barədə məlumat verib.
İnstitutun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İlham Abbasov isə bildirib ki, M.Talalay İkinci Dünya müharibəsinin iştirakçısı olan və faşistlərə qarşı İtaliya partizanları ilə birgə döyüşən azərbaycanlılarla maraqlanır, bu barədə tədqiqatlar aparır.
Qeyd edilib ki, M.Talalay bu tədqiqatların nəticəsi olaraq kitab yazıb. Müxtəlif fotoları və arxiv sənədlərini özündə əks etdirən nəşrdə İkinci Dünya müharibəsinin iştirakçısı olan azərbaycanlı partizanların faşistlərə qarşı birgə mübarizələrindən danışılır. Kitabda Mehdi Hüseynzadə, Məmməd Bağırov, Serafino ləqəbli Tahir İsayev və digər həmyerlilərimizin göstərdiyi qəhrəmanlıqlardan və İtaliya partizan hərəkatındakı fəaliyyətlərindən bəhs edilir.