Fevralın 9-u voleybolun yaranma günüdür
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-u dünyada voleybolun yaranma günüdür. İdmanın bu növü 1895-ci ilin məhz bu günü ABŞ-da bədən tərbiyəsi müəllimi olan Uilyam Morqan tərəfindən yaradılıb.
AZƏRTAC xəbər verir ki, 1957-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 53-cü sessiyasında Yay Olimpiya Oyunlarının proqramına salınan voleybol ölkəmizdə XX əsrin ortalarından məşhurlaşmağa başlayıb.
Azərbaycanda qadın voleybolu daha çox inkişaf edib. Dünyada ilk və 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. On səkkiz yaşlı azərbaycanlı voleybolçu SSRİ milli komandası ilə 1962-ci il dünya çempionatında iştirak edib. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medala sahib olub. Bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru olub. İlk altılığın əsas oyunçusuna çevrilən İ.Rıskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edib və komandanın liderlərindən birinə çevrilib. Voleybolçumuz Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atıb. Bu rekord hələ də yenilənməyib. Belə ki, İ.Rıskalla yanaşı, daha bir təmsilçimiz, Bakı voleybolunun yetirməsi Vera Lantratova da iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya Oyunlarının mükafatını qazanıb. SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan komandanın heyətində iki azərbaycanlı oyunçu çıxış edib və seçmənin ən böyük uğurlarında pay sahibi olublar.
Azərbaycan Voleybol Federasiyası (AVF) 1992-ci ildən etibarən Avropa Voleybol Konfederasiyasına (CEV) və Beynəlxalq Voleybol Federasiyasına (FIVB) üzv qəbul edilib. Bu müddət ərzində federasiya bir çox uğurlara imza atıb. Hər il ölkəmizdə qadınlar və kişilər arasında respublika çempionatları keçirilir. Milli komandalarımız isə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. AVF isə CEV və FIVB yarışlarına ev sahibliyi edib. Voleybol üzrə qadınlardan ibarət milli komandamız 4 dəfə dünya çempionatında, 9 dəfə isə Avropa çempionatının final mərhələsində iştirak edib.