CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 135 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) - 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 135 halda yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər, Yevlax şəhərində nəzarətsiz ərazidə intihar məqsədilə özünü Kür çayına atan 1 nəfər və avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan sürücü xilas edilib. Yanğınlar zamanı iki nəfər xəsarət alıb, 9-u uşaq olmaqla 32 nəfər təxliyə olunub.
Həmçinin paytaxtın Binəqədi rayonunda bağlı qapı arxasında aşkarlanan 1959-cu il təvəllüdlü Babayeva Almara Rasim qızının cəsədi aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.