FHN qar uçqunlarında axtarış, xilasetmə və xizəksürmə üzrə təlim keçirir
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində yanvarın 26-dan fevralın 4-dək qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təlimə start verilib. Qusar rayonu ərazisində təşkil olunan təlimə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. Təlimə, həmçinin Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin ekspertləri qatılıblar.
FHN-dən AZƏRTAC bildiriblər ki, təlimə nazirliyin aparatından 3 nəfər, Xüsusi Riskli Xilasetmə Xidmətindən 14 nəfər (11 nəfər xilasedici, 3 kinoloq) və 4 baş xüsusi təlim keçmiş it, Şimal-qərb və Şimal regional mərkəzlərinin hər birindən 3 nəfər, eləcə də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən 2 xilasedici cəlb edilib. Ümumilikdə təlimə 25 əməkdaş və xüsusi təlim keçmiş 4 it cəlb olunub.
Təlim nazirliyin xilasedicilərinin dağlıq zonalarda və meşə massivlərində qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təcrübələrinin artırılması və baş vermiş fövqəladə hadisələrə çevik reaksiya verilməsinə daim hazır olmalarını təmin etmək məqsədilə keçirilir.