FHN yanğın və texniki təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyətini dayandırıb
Bakı, 18 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinə (FHN) paytaxtın Qaradağ rayonunun Salyan şosesi, 58 ünvanında fərdi sahibkar Əlicanov Mansur Maqsud oğlu tərəfindən yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları ilə dolu çənlərin saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb edilib.
Baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı aşkarlanıb.
Aşkarlanan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN-in əməkdaşları çənlərin istismarını dərhal dayandırıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.
Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinin təmin olunması istiqamətində birgə fəaliyyətini davam etdirir.