DÜNYA
Figaro: Polşa silah tədarükünü dayandırmaqla Ukraynaya zərbə vurub

Bakı, 22 sentyabr, AZƏRTAC
Polşa hökuməti Ukraynaya silah tədarükünü dayandırmaqla ona ciddi zərbə vurub.
AZƏRTAC xəbər verir ki, “Le Figaro” qəzeti Varşavanın müvafiq qərarını belə şərh edib.
Nəşrin yazdığına görə, Prezident Anjey Duda və Baş nazir Mateuş Moravetskinin simasında Polşa rəhbərliyinin bəyanatı Ukrayna ilə onun ən yaxın müttəfiqi arasında fikir ayrılığını nümayiş etdirib. Varşava bununla Ukrayna Prezidentinin beynəlxalq mövqeyini zəiflədib. Bu, digər Avropa ölkələri tərəfindən də Kiyevə yardım axınının azalması riski yaradır.
Ukraynaya silah tədarükünün dayandırılması Rusiyanın təcavüzə başlamasından bəri Kiyevin ən yaxın müttəfiqi və Ukraynaya silah tədarükü üçün əsas nəqliyyat mərkəzi olan Polşanın özünün də imicinə mənfi təsir göstərə bilər.
Ekspertlərin fikrincə, Varşavanın sərt ritorikasının səbəblərindən biri hakim “Hüquq və ədalət” partiyasının oktyabrın 15-də keçiriləcək parlament seçkilərinə hazırlığı ola bilər. Belə ki, partiya rəhbərləri polşalı fermerlərə dəstəyini və onların maraqlarının qorunması imkanlarını nümayiş etdirməyə çalışır.
Bir müddət öncə Avropa Komissiyası Ukrayna taxılının və digər ərzaq məhsullarının Aİ-yə idxalına qoyulan məhdudiyyətlərin müddətinin başa çatdığını elan edib. Bundan sonra Polşa, Macarıstan və Slovakiya qadağaları birtərəfli qaydada uzadıb. Ukrayna isə buna cavab olaraq hər üç ölkədən Ümumdünya Ticarət Təşkilatına şikayət edib.
Baş nazir Mateuş Moravetski ölkələr arasında soyuyan münasibətlər fonunda Varşavanın Kiyevə daha heç bir silah vermədiyini bildirib. Onun sözlərinə görə, Polşa hazırda öz ordusu üçün müasir silahlar alır.