FİLMLƏRİN QƏHRƏMANI SEVİMLİ BAKIMIZDIR
Kino evində kinorejissor Ziya Şıxlinskinin üç sənədli filmi nümayiş etdirilmişdir. Bu, Bakı, onun füsunkar memarlığı mövzusuda özünəməxsus triptixdir. “8 ½ dəqiqəlik düşüncələr” adlanan birinci film doğma şəhərimiz, onun döyünən ürəyi olan İçərişəhərlə bağlıdır.
Bəli, Şıxlinskinin, şübhəsiz ki, bir qədər də mənəvi xarakter daşıyan bu filmi məhz sevimli şəhərimizin çoxəsrlik tarixinə xüsusi münasibət bəsləməyə çağırır. Ölməz Üzeyir Hacıbəyovun “Koroğlu” operasının üçüncü aktından uvertüra, habelə Vaqif Mustafazadənin ifasında səslənən musiqi filmi tamamlayır.
Triptixin digər iki filmi “Şopenin qayıdışı” və “Gəlmələrin xiffətilə” adlanır. Burada XIX əsrin sonu XX əsrin əvvəllərində şəhərimizdə neft bumu dövrü əks olunur. Müəlliflər o illərdə yaradılmış və Bakının bəzəyi olan ən gözəl memarlıq nümunələrini lentə almışlar. Kino evinə toplaşan gələcək memarların - Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin filmlərə marağı da yəqin ki, bununla izah olunur. Polşa memarı İosif Qoslavskinin layihəsi əsasında tikilən keçmiş Bakı Sovetinin binası, onun həmyerlisi İosif Ploşkonun “İsmailiyyə” (hazırkı Elmlər Akademiyası Rəyasət Heyətinin binası) alman memarı Fondernonnenin gözəl əsəri - R.Mustafayev adına İncəsənət Muzeyi daha çox heyranlıq doğurdu.
Qeyd etmək lazımdır ki, musiqi bu filmlərin ruhunu tamamlayır. Əgər “Şopenin qayıdışı” filmində dahi bəstəkarın noktürnü səslənirdisə, “Gəlmələrin həsrətilə” filmində tamaşaçılar Şnitke və Artemyevin əsərlərini eşitmişlər.
Azərbaycandakı alman kolonistlərindən bəhs edən sonuncu filmdə ölkəmizə uzaqdan gəlmiş və onu qəlbən sevmiş insanlardan böyük səmimiyyətlə danışılır.
Filmlərə baxışda Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak etmişlər.