Folklor İnstitutunun əməkdaşları Sarayevoda keçirilən simpoziumda məruzə ediblər
Bakı, 25 avqust AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAR) təşkilatçılığı və Beynəlxalq Sarayevo Universitetinin (IUS) ev sahibliyi ilə “2-ci Beynəlxalq Anadolu Akademik Araşdırmalar Simpoziumu” təşkil edilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Dəyişən dünyada Balkanlar: Çoxölçülü yanaşmalar və fənlərarası perspektivlər” mövzusunda təşkil olunan tədbir müxtəlif elm sahələri üzrə tədqiqatçıları, alimləri və mütəxəssisləri bir araya gətirib. Simpoziumun əsas məqsədi elmi dialoqun inkişaf etdirilməsi, müasir tədqiqatların təqdim olunması və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi olub.
Simpoziumda Folklor İnstitutunun əməkdaşları əyani və onlayn formatda iştirak ediblər. Dosent Məleykə Məmmədova əyani formatda “Azərbaycan və Bosniya mədəniyyətində doğuşdan əvvəlki rituallar: məhsuldarlıq, cins və sağlamlıq haqqında inanclar” mövzusunda məruzə ilə çıxış edib. O, eyni zamanda, simpozium çərçivəsində Türkiyənin 16 universitetinin rektorlarının iştirakı ilə keçirilən toplantıda AMEA və Folklor İnstitutu barədə geniş təqdimat edib.
Dosent Məleykə Məmmədova təqdimatında AMEA-nın yaranma tarixi, elmi fəaliyyəti, tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, elmi-tədqiqat institutları və doktorantura proqramları barədə məlumat verib. O, gənc tədqiqatçıların hazırlanması, Türkiyə ilə elmi əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını da diqqətə çatdırıb. Həmçinin Folklor İnstitutunun fəaliyyəti və folklorşünaslıq sahəsində birgə əməkdaşlığın perspektivlərindən bəhs edib. Folklor İnstitutunun əməkdaşları simpoziumda onlayn formatda iştirak edərək türk mifologiyası, folkloru, türkologiya, milli yaddaş, qadın obrazı, folklor motivləri və digər mövzularda məruzələrlə çıxış ediblər.
İnstitutun əməkdaşlarından Elçin Qaliboğlu, Atif İslamzadə, Elnarə Əmirli və Zümrüd Mənsimova isə elmi sessiyalarda moderator və sessiya rəhbəri kimi fəaliyyət göstəriblər.