Fotostudiyadan 35 min manatlıq avadanlıq oğurlayan şəxslər saxlanılıblar VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Nərimanov rayonunda Bakı sakini Cavid Səfərova məxsus fotostudiyadan oğurluq edilib. Obyektin qapısını sındıran naməlum şəxslər oradan ümumi dəyəri 35 min manat olan avadanlıq oğurlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olan kimi, Nərimanov Rayon Polis İdarəsi 17-ci polis şöbəsi əməkdaşları “isti izlər”lə əməliyyat-axtarış tədbiri həyata keçiriblər. Cinayəti törətməkdə şübhəli bilinən üç nəfər - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Qasımov, Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Maşallah Qurbanov və Astara rayon sakini Ceyhun Əlizadə saxlanılıblar.
Araşdırma zamanı müəyyənləşib ki, obyektə dəstə üzvü C.Əlizadə və E.Qasımov daxil olub. Hadisə zamanı M.Qurbanov isə fotostudiyadan bir qədər kənarda dayanaraq gəlib-gedən barədə digər dəstə üzvlərinə məlumat verib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Şöbədə toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.