Fövqəladə hallar naziri Xızıda vətəndaşları qəbul etdi VİDEO
Xızı, 23 iyul (AZƏRTAC, Elxan Yusifli). Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 23-də Xızı şəhərində bu bölgədə yaşayan vətəndaşları qəbul etdi.
AZƏRTAC xəbər verir ki, nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə Xızı şəhərindəki Rafiq İsmayılov adına tam orta məktəbin binasında keçirilən qəbulda Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri ilə yanaşı, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərin də müraciətləri dinlənildi.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir hissəsi yerindəcə öz həllini tapdı. Bundan əlavə, kadr məsələləri ilə bağlı 98, digər məsələlərlə əlaqədar müraciət edən 52 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olundu.
Nazir Kəmaləddin Heydərov vətəndaşların bütün müraciətlərinin obyektiv araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və dərhal həll olunması barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.