CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirib
![](/files/galleryphoto/2022/2/1200x630/16542612062089537184_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542612063711825600_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542612063652745069_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542612066210127323_1200x630.jpeg)
Bakı, 3 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Neftçilər” stansiyasında təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin mövzusu stansiyanın birinci yolunun saxlanc yerində baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in 112 - qaynar telefon xəttinə “məlumat verilib”.
Sonra nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.