FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNDƏ GÖRÜŞ
Qonaqları səmimi salamlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin durmadan yaxşılaşdığını məmnunluqla vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən koreyalı diplomat ölkələrimiz arasında getdikcə dərinləşən əlaqələrdən danışmış, Azərbaycanın hər bir sahədə sürətlə inkişaf etdiyini diqqətə çatdırmış, Kəmaləddin Heydərovu yeni təyinatı münasibətilə təbrik etmiş, Fövqəladə Hallar Nazirliyinin iş prinsipləri ilə maraqlanmışdır.
Nazir K.Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin məqsədini açıqlamış, görülən işlərlə bağlı ətraflı məlumat vermişdir.
Nazirliyin əsas məqsədinin Azərbaycanda təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasından, onların nəticələrinin aradan qaldırılmasından, xilasetmə-bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə edilməsindən, ölkədə mülki müdafiə işinin həyata keçirilməsindən ibarət olduğunu bildirən Kəmaləddin Heydərov, bu cəhətdən beynəlxalq aləmdə özünü doğrultmuş təcrübənin iş prosesində tətbiqinə ciddi diqqət yetirildiyini söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.