Fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhali maarifləndirilib
Bakı, 25 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumlarının fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayonunun 114 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Bələdiyyəsinin Yeni Yaşayış Massivi üzrə məhəllə komitələrinin nümayəndələri ilə, Sumqayıt şəhər 38 nömrəli və Abşeron rayonunun Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəblərində, Şimal-Qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayonunun B. Əmirov adına Qalagah kənd və Soltankənd kənd tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən İmişli rayonunun Hacırüstəmli kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunun İmamqulukənd kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Laçın rayonunun 24 saylı ümumi orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Ağdaş Peşə məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.