“FRANSA-ALMANİYA: KEÇMİŞİN BİRGƏ XATİRƏLƏRİ VƏ BİRGƏ GƏLƏCƏK” MÖVZUSUNDA KOLLOKVİUM
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Almaniya və Fransanın Azərbaycandakı səfirləri Per Kristofer Stançina və Bernar Amodrik dü Şafo tədbirin maraqlı və aktual bir məsələyə həsr olunduğunu bildirmişlər. Mövzunun adında “birgə” sözünün iki dəfə təkrarlandığının təsadüfi olmadığını qeyd edən natiqlər, aralarındakı münasibətlərdən, müharibələrdən asılı olmayaraq qonşu ölkələrin birgə yaşamağa məhkum olduqlarını diqqətə çatdırmışlar. Vurğulanmışdır ki, tarixdə on, hətta yüzillik müharibənin mövcudluğu hamımıza məlumdur, ancaq bütün müharibələrin sonu barışıq və sülhlə, dostluqla nəticələnir. Fransa və Almaniya arasında hazırkı münasibətləri belə dostluğa nümunə göstərilmişdir.
Tədbirdə xanım Korin Döfransın “1945-1963-cü illər arasında fransız-alman yaxınlaşmasında böyük xidmətləri olmuş dövlət xadimləri”, Ulrix Pfeilin ”1945-ci ildən sonra Fransa-Almaniya yaxınlaşmasının tarixi barədə”, Kristian Heldtin “1963-cü il Yelisey müqaviləsi və onun 2003-cü ildə 40 illiyi: iki dövlət və administrasiya arasında bərabəri olmayan qarşılıqlı əlaqə” və Andre dö Marjörinin “ARTE – iki xalqa məxsus yeganə ictimai telekanal” mövzularında məruzələri maraqla dinlənilmişdir.
Kollokviumda fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.