FRANSA JURNALI BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNDƏN YAZIR
On dörd səhifəlik məqalənin əvvəlində boru kəmərinin keçdiyi ərazilərin böyük xəritəsi dərc olunmuş, əməkdaşların Xəzər sahillərindən Ceyhana qədər marşrut boyu rastlaşdıqları insanlarla söhbətləri verilmişdir.
Azərbaycanda neft sənayesinin XIX əsrin axırlarından sürətlə inkişaf etdiyini, indi isə yenidən dünyada böyük əks-səda yaratdığını vurğulayan müəlliflər yazır ki, “Əsrin müqaviləsi” çərçivəsində çəkilən Bakı–Tbilisi–Ceyhan neft kəmərinin özünü də əsrin nəhəng tikintisi adlandırmaq olar.
Boru kəməri ilə ilk tanışlığa Səngəçal terminalından başlamış fransızlar burada misilsiz işlər görülməsindən, neftlə dolu nəhəng çənlərdən, 540 hektarlıq sahədəki səliqə-sahmandan, qayda-qanundan heyrətlərini gizlətmirlər.
Terminaldan bir qədər aralıda qaçqın və məcburi köçkünlərin yaşadığı qəsəbədə olmuş jurnalistlər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərdən silah gücünə çıxarılmış 5 mindən artıq azərbaycanlının bu qəsəbədə məskunlaşdıqlarını bildirirlər. Yurdundan didərgin düşmüş qadının gözüyaşlı dediyi sözləri də qələmə almışlar: “Doğma torpağıma qayıtmaq üçün elə bu andaca ayaqyalın belə getməyə hazıram. Ömrümün bir neçə gününü orada keçirsəm, heç bir arzum olmaz, bu fani dünyadan rahatlıqla ayrılaram”.
Azərbaycan ərazisində kəmərin keçdiyi yerlərdə əhali ilə söhbət edən jurnalistlər BTC-nin çəkilişinə sakinlərin münasibətlərini öyrənmişlər. Söhbətlərdə əsrin nəhəng tikintisinə böyük inam bəslənildiyi, onun ölkənin iqtisadi qüdrətinin yüksəlişində, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında müstəsna rol oynayacağı bildirilmişdir.
Tikintinin Gürcüstan sahəsindən bəhs edən jurnalistlər bu ölkədə əhalinin Azərbaycanla müqayisədə kasıb yaşadığını, neft kəmərinə böyük ümid bəslədiyini vurğulayırlar. Eyni zamanda, bəzi qüvvələrin ekologiyanı bəhanə gətirərək, kəmərin çəkilişinə maneçilik törətmək istədiklərini, yerli əhalini əsrin tikintisinə qarşı çıxmağa təhrik etdiklərini xatırladır, lakin sadə gürcülərin onları dəstəkləmədiyi bildirilir.
Türkiyə ərazisində isə tamamilə başqa bir əhval-ruhiyyə ilə rastlaşdıqlarını yazırlar. Dəniz səviyyəsindən 2058 metr hündürlükdə yerləşən qəsəbədə jurnalistlərin suallarına cavab vermiş yerli sakinlər məhz kəmərin çəkilişi sayəsində iş tapdıqlarını, kəmərin Türkiyə iqtisadiyyatında mühüm rol oynayacağını söyləmişdir.
Məqalədə neft kəmərinin keçdiyi üç ölkə ərazisində çəkilmiş şəkillər də verilmişdir.