Fransa pensiya islahatları ilə alovlandığı vaxtda Makron institusional islahatlardan danışır
Paris, 15 fevral, AZƏRTAC
Pensiya islahatları ilə əlaqədar yaranmış gərgin vəziyyətə baxmayaraq, Fransa Prezidenti Emmanuel Makron ölkədə tezliklə institusional islahatlar da təqdim etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Emmanuel Makron prezidentliyə namizədliyi zamanı vəd etdiyi islahatları yenidən gündəmə gətirib.
E.Makronun irəli sürdüyü saysız-hesabsız islahatları reallaşdırmaq üçün kifayət qədər vaxtı olması sual altındadır. Eyni zamanda, irəli sürülən institusional islahatların da qeyri-müəyyən olduğu bildirilir.
Beşinci Fransa Respublikasının 8-ci prezidenti artıq institusional islahatlarla bağlı məsləhətləşmələrə də başlayıb. Onun sələfləri Nikola Sarkozi və Fransua Ollandla görüşdüyü bildirilir. Sələfləri ilə görüş Makronun ilk mandatından yarımçıq qalmış islahatlarını reallaşdırmaq üçün siyasi saziş axtarmaq istəyinin əlamətidir.
İlk səlahiyyəti dövründə iki cəhddən sonra tərk etdiyi Konstitusiya islahatını yenidən gündəmə gətirən E.Makron ona qarşı çoxsaylı iradların olacağını yaxşı bilir.
Bu arada E.Makronun xoşagəlməz tendensiyasına da diqqət çəkilib. Bildirilib ki, Makron çox sayda məsləhətləşmələr aparsa da, yekunda öz bildiyini edir. Ölkənin pensiya islahatı ilə bağlı qaynadığı bir vaxtda yeni islahatların gündəmə gətirilməsi təəccüb doğurur. Onun irəli sürdüyü institusional islahatların məzmununda da qeyri-müəyyənlik var. Yeni islahatlarda 7 illik Prezident mandatının bərpa edilməsi məsələsi də yer alır. Baş nazir vəzifəsinin ləğvi, deputatların sayının azaldılması, eləcə də parlament seçkilərində proporsional seçki sisteminin tətbiqi və digər məsələlər də yeni islahatlar paketinə daxildir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris