Fransa səfiri: Naxçıvan çox gözəl, sakit diyardır və abadlıq-quruculuq işləri yüksək səviyyədədir
Naxçıvan, 20 may, AZƏRTAC
Səfərimizin əsas məqsədi Fransa ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələri daha da möhkəmləndirmək, həmçinin Fransanın aktiv olduğu sahələrdə təmsil olunmaq və bu gözəl diyarı yaxından görməkdir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros deyib.
Səfir bildirib ki, hazırda naxçıvanlı tələbələr Fransanın Anje şəhərində təhsil alırlar. İstərdik ki, bu tələbələrin sayı daha da artsın. Digər bir istəyimiz isə ondan ibarətdir ki, Naxçıvanda təhsil alan tələbələr təqaüd proqramından bəhrələnsin. Həmçinin Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetində də naxçıvanlı tələbələri görmək arzusundayıq.
“Naxçıvanla tanışlığım barədə isə onu deyə bilərəm ki, bura çox gözəl, sakit diyardır, abadlıq-quruculuq işləri yüksək səviyyədədir. Səfər çərçivəsində Ali Məclis Sədri ilə görüşdən çox məmnun qaldım. Şəhərdə olan bütün fəaliyyət növləri ilə yaxından tanışlıq zamanı aydın oldu ki, hər bir sahənin inkişafı üçün hərtərəfli şərait yaradılıb”, - deyən Zakari Qros qeyd edib ki, Naxçıvan Dövlət Universiteti, o cümlədən ali təhsil ocağının gözəl, dinamik şəhərciyi marağını cəlb edib. Şəhərdə müasirliklə yanaşı, tarixi zənginlik də göz qabağındadır.
Naxçıvanda olduğu müddətdə Cənubi Qafqazın ən qədim yaşayış məskəni sayılan Kültəpəyə də getdiyini bildirən səfir vurğulayıb ki, Azərbaycan və Fransa arxeoloqlarının birgə həyata keçirdikləri arxeoloji qazıntılarla yaxından maraqlanıb. Sevindirici haldır ki, bu istiqamətdə birgə əməkdaşlıq 15 ildir davam edir.
Zakari Qros deyib: “Fransa şirkətinin avadanlıqları ilə təchiz edilən Süni Mayalanma Mərkəzində, eləcə də Ağbulaq İstirahət Mərkəzində də olduq. Düşünürəm ki, Ağbulaqdakı xizək mərkəzi qış turizmi sahəsində əlaqələrimizin inkişafına töhfə verə bilər. Gördüyünüz kimi, burada yaşayan insanlar üçün həm iqtisadiyyat, həm təhsil, həm də kənd təsərrüfatı sahəsində gözəl perspektivlər mövcuddur. İnanırıq ki, gələcəkdə birgə əməkdaşlıq daha da inkişaf etdiriləcək”.