FRANSA ŞİRKƏTİ AZƏRBAYCANDA MEŞƏ SALACAQ
Fransa şirkətinin nümayəndələri meşə salınacaq yerləri müəyyənləşdirmək məqsədi ilə bu günlərdə Azərbaycanda olmuşlar. Beş meşə sahəsi seçilmişdir. İmişli (2000 ha), Ağcabədi (1200 ha), Bərdə (500 ha), Yevlax (1100 ha) və Zaqatalada (500 ha) salınacaq fidanlıqlar süni surətdə suvarılacaqdır. Dağlıq bölgələrdə, o cümlədən Xızı rayonunda da meşə zolaqlarının salınması məsələsi nəzərdən keçirilir. Karbon qazını daha çox udan və tez böyüyən ağac növləri - qovaq, ağ akasiya, Şərq çinarı əkmək nəzərdə tutulmuşdur. Layihənin biznes-planı gələn ilin yayınadək hazır olacaq, onun həyata keçirilməsinə isə 2005-ci ildə başlanacaqdır. Yeni meşələr 2005-2035-ci illər ərzində atmosferdən 2 milyon tona yaxın karbon qazı udacaqdır. Təxminən 10 milyon avro dəyərində olan layihənin əsas sərmayəçisi Fransa şirkətləri olacaqdır.
Hüseynqulu Bağırov bu qlobal layihənin əhəmiyyətindən danışaraq bildirmişdir ki, “Ölkənin meşə örtüyünün bərpası üzrə milli proqram”a uyğun olaraq, Azərbaycanda 45 min hektar meşə massivi bərpa edilməlidir.