DÜNYA
Fransada koronavirus epidemiyasından 48 mindən çox insan sağalıb
Paris, 30 aprel, AZƏRTAC
Fransada COVID-19 epidemiyası başlayandan xəstəxanalara yerləşdirilən 90 min 753 yeni koronavirus daşıyıcısından 48 min 200-ü sağalıb. Hələ də xəstəxanalarda olan 26 min 834 xəstədən 4207-si ağır vəziyyətdə reanimasiya şöbələrindədir.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.
O bildirib ki, reanimasiyaya yerləşdirilən xəstələrin sayında azalma müşahidə olunur. Son bir sutka ərzində 110 xəstə reanimasiyaya yerləşdirilib.
Ölkədə indiyədək baş verən 24 min 087 ölüm faktından 15 min 053-ü xəstəxanalarda, 9034-ü isə qocalar evlərində qeydə alınıb. Ölkədə son 24 saat ərzində 427 ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, Fransa təcrid rejimindən mayın 11-də çıxmağı planlaşdırır. Ancaq Baş Nazir Eduard Filip mayın 7-də COVID-19 virusuna yoluxma hallarına uyğun olaraq təcrid rejimindən çıxmaqla bağlı qərar qəbul olunacağını bildirib. Epidemiya ilə bağlı göstəricilər qənaətbəxş olduğu halda təcrid rejimindən tədricən çıxılacaq. Göstəricilər ürəkaçan olmasa, təcrid rejimi davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris