Fransada Zəhmətkeşlər Günü ilə bağlı təhlükəsizlik tədbirlərinə 110 mindən çox polis cəlb olunub
Paris, 1 may, AZƏRTAC
Fransa Daxili İşlər Nazirliyi ölkədə Zəhmətkeşlər Günü ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.
AZƏRTAC xəbər verir ki, Parisə 2 minə qədər “black blocs” radikal qrup üzvlərinin toplaşacağı ilə bağlı məlumat verilib. Həmkarlar İttifaqı tərəfindən bildirilib ki, builki Zəhmətkeşlər Günü ölkə tarixində yaddaqalan olacaq.
Parisdə bütün ticarət mərkəzləri bağlanılıb, şəhər daxili və şəhərə gələn nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub. Təhlükəsizlik tədbirlərinə yeddi mindən çoxu Parisdə olmaqla, bütün ölkə üzrə 110 mindən çox polis cəlb olunub. Qeyd edilib ki, şəhər mərkəzlərində nümayiş etmək qadağan edildiyindən Parisdə nümayişçilər Monparnasdan İtaliya meydanı istiqamətində irəliləyəcək.
Qeyd edək ki, sosial şəbəkələr vasitəsi ilə nümayişçilər 1968-ci ilin mayında baş vermiş inqilabı xatırladıblar. Bütün ölkə üzrə inqilabçıları, xüsusilə də bugünkü rejimi dəyişmək istəyənləri Parisə çağırıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris