ELM VƏ TƏHSİL
Fransanın Azərbaycandakı səfiri Qərb Universitetində olmuşdur
![Fransanın Azərbaycandakı səfiri Qərb Universitetində olmuşdur](/files/2013/3/1200x630/1407145128512982560_1200x630.jpg)
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Qərb Universitetində olmuşdur.
AZƏRTAC xəbər verir ki, universitetin müəllim və tələbələri ilə keçirilən görüşdə professor Fikrət Sadıqov səfirin həyat və fəaliyyəti barədə məlumat vermişdir.
Görüşün əhəmiyyətindən danışan F.Sadıqov qeyd etmişdir ki, bu ali təhsil ocağının fəaliyyət göstərdiyi müddətdə burada dünya şöhrətli şəxslərlə mütəmadi olaraq görüşlər keçirilmiş, mühazirələr dinlənilmişdir. Həmçinin Azərbaycanın və bir sıra xarici ölkələrin professor və müəllimləri universitetimizin fəxri professoru adına layiq görülmüşlər. Bu kimi görüşlər gənclərin vətəndaş kimi formalaşmasına, dünyada və cəmiyyətimizdə cərəyan edən ictimai-siyasi proseslərin təhlil edilməsinə, dövlətimiz barədə məlumatların dolğun şəkildə açıqlanmasına imkan verir.
Görüşdən məmnunluğunu bildirən Fransa səfiri tələbələrə ölkəsinin tarixi, ənənələri və mədəniyyəti haqqında geniş məlumat vermiş, Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi və perspektivləri haqqında danışmışdır. İki ölkə arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil və digər sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini söyləyən səfir bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra diplomat tələbələri maraqlandıran sualları cavablandırmışdır.