SİYASƏT
FRANSIZ MƏTBUATI ƏLİFBAMIZ HAQQINDA
İki ayda bir dəfə Parisdə fransız dilində nəşr olunan “KOLİZE bülleteni”nin (“Şərqi Avropa ilə həmrəylik əlaqəsi komitəsinin bülleteni”) 2002-ci ilin yanvar-fevral tarixli 33-cü nömrəsində əlifbamızla bağlı “Azərbaycan: SSRİ-nin keçmiş respublikası kirili dəyişir” adlı məqalə verilmişdir.
Məqalənin əvvəlində deyilir: “Avropaya daha da yaxınlaşmağa səy edən və Sovet irsi ilə əlaqələrini tam üzən Azərbaycan 60 il ərzində istifadə etdiyi kirildən latın əlifbasına keçdi. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən bütün rəsmi sənədlər, jurnal və qəzetlər, elan və afişalar avqust ayının 1-dən etibarən latın əlifbası ilə çap olunmalıdır”.
Məqalədə 1928-ci ilə kimi ərəb əlifbasından, həmin ildən 1939-cu ilə qədər latın, 1939-cu ildən isə Stalinin əmrinə görə kiril əlifbasından istifadə olunduğundan bəhs edilmiş, 1958-ci ildə bu əlifbaya cüzi dəyişiklik edilərək dilimizin spesifik xüsusiyyətlərinə uyğun saitlərin işlədildiyi açıqlanmışdır.
İlk vaxtlar əlifba islahatı ilə bağlı qarşıya çıxan maneələr, yaşlı nəslin ondan istifadə edərkən qarşılaşdığı çətinliklər, bəzi qüvvələrin əlifbanın dəyişdirilməsi prosesinə mənfi münasibət göstərmələri məqalədə öz əksini tapmışdır. Müəlliflər Azərbaycanın müsəlman ölkələri arasında əlifba islahatını keçirməklə Avropaya daha da yaxınlaşmasını təqdirəlayiq hal kimi vurğulamış, bu əlifbanın respublikamızın milli dəyərlərindən bəhrələnmək istəyən xaricilər üçün hərtərəfli imkanlar yaratdığını xüsusi qeyd etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris