İDMAN
Futbol üzrə Konfederasiyalar Kuboku Braziliyada iğtişaşlar ucbatından ləğv edilə bilər
Bakı, 22 iyun (AZƏRTAC). AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Braziliyanın bir sıra şəhərlərində keçirilən etiraz nümayişləri davam edir. Bununla əlaqədar, futbol üzrə Konfederasiyalar Kuboku yarımçıq qalmaq təhlükəsi ilə üzləşmişdir. Turnirin Braziliya Futbol Konfederasiyası tərəfindən ləğv edilməsi variantı da istisna olunmur.
Bundan əlavə, bəzi ölkələrin yığma komandaları, məsələn, İtaliya komandası Braziliyanı tərk etmək imkanını gözdən keçirirlər. Lakin həmin tədbirin hamisi olan Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) hələlik bu turniri dayandırmaq niyyətində deyildi.
FİFA-nın nümayəndəsi Deliya Fişer demişdir: “Biz Braziliyanın hakimiyyət orqanlarına etibar edirik və əminik ki, bütün problemlər həll ediləcəkdir”.
Braziliyada etiraz nümayişləri bir neçə gündür ki, davam edir. Nümayişçilər Konfederasiyalar Kubokunun və onun ardınca 2014-cü ildə futbol üzrə Dünya Çempionatının təşkili və keçirilməsi ilə əlaqədar xərclərin yüksək olmasından narazıdırlar.
İyunun 20-də Ribeyrao-Preto şəhərində nümayişçilərdən biri həlak olmuşdur. Həmin şəxs etiraz aksiyasından sonra digər nümayişçilərlə bərabər səkidə əyləşdiyi vaxt onların üstünə avtomobil sürmüşlər. Nəticədə daha 12 nəfər xəsarət almışdır.
Bu arada Salvadorda Nigeriya və Uruqvay komandalarının matçı ərəfəsində etirazçılar içərisində FİFA-nın əməkdaşçıları olan iki mikroavtobusu daşa basmış, bundan əlavə, həmin əməkdaşların yaşadığı otelə soxulmağa cəhd göstərmişlər.