G20 sammitinin iştirakçıları Misirin uğurlu inkişaf təcrübəsini yüksək qiymətləndirirlər
Qahirə, 29 iyun, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində müxtəlif ölkələrin liderləri və hökumət başçıları ilə, o cümlədən Yaponiyanın Baş Naziri Sinzo Abe, İtaliyanın Baş Naziri Cüzeppe Konte və Almaniya kansleri Angela Merkel ilə ikitərəfli görüşlər keçirib. Bu şəxslər yekdilliklə bildiriblər ki, Misirin uğurlu inkişaf təcrübəsi yüksək qiymətə layiqdir.
AZƏRTAC xəbər verir ki, Misir Prezidentinin rəsmi nümayəndəsi Bassam Radi bu fikirləri dövlət başçısının apardığı danışıqların əsas yekunlarını şərh edərək söyləyib. B.Radinin sözlərinə görə, 2011-ci ildə ağır sarsıntılarla üzləşmiş Misir bu gün yüksək iqtisadi göstəricilərə, uğurlu inkişaf sürətinə, valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmağa nail olub. O xüsusi vurğulayıb ki, Beynəlxalq Valyuta Fondu kimi nüfuzlu beynəlxalq təşkilatların rəsmi bəyanatları Misirin uğurlu təcrübəsinə etimadı daha da artırır.
Misir Prezidentinin rəsmi nümayəndəsi daha sonra bildirib ki, Əbdülfəttah əs-Sisi G20 sammitində qadınların hüquq və imkanlarının genişləndirilməsi, qeyri-bərabərliyə qarşı mübarizə məsələlərinə həsr olunmuş sessiyada iştirak edib. Misir Prezidenti həmin sessiyadakı çıxışında qeyri-bərabərlik probleminin həlli, həmçinin qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində Misirin əsas fəaliyyət istiqamətlərini şərh edib.
B.Radi vurğulayıb ki, sammit iştirakçılarının əksəriyyəti Misirdə qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində atılmış ciddi addımları yüksək qiymətləndirərək, Misirin qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində bütün səviyyələrdə çox yüksək göstəricilərə nail olmuş ölkələrdən birinə çevrildiyini qeyd ediblər. O, ölkə konstitusiyasına edilmiş son düzəlişləri - parlamentdə qadınların ən azı 25 faiz təmsil olunmasını nəzərdə tutan dəyişiklikləri xatırladıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə