GDU-nun magistr tələbələri ilə psixoloji mövzuda görüş keçirilib
Gəncə, 9 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Psixologiya kafedrasının baş müəllimləri Sabirə Bayramova və Hicran Verdiyeva magistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, GDU-nun əməkdaşları gənclərin ümumi psixoloji vəziyyətinin yaxşılaşdırılması, ailələr və gənclər arasında yaranan problemlər və onların aradan qaldırılması yolları haqqında maarifləndirici söhbətlər aparıblar.
Görüş zamanı tələbələr arasında psixoloji maarifləndirmənin vacibliyi, psixoloji xidmət sahəsinin insan sağlamlığı üçün əhəmiyyəti, psixoloji problemləri yaradan şərait və amillər, belə halların erkən aşkarlanması kimi məsələlərə toxunulub.
Psixologiya kafedrasının baş müəllimləri Magistratura şöbəsində psixoloji məsləhət xidmət kabineti və psixoloji xidmət üçün məsləhət cədvəli haqqında məlumat verib, tələbələrin qarşılaşdıqları psixoloji problemləri dinləməyə hazır olduqlarını diqqətə çatdırıblar.
İnteraktiv formada davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.