CƏMİYYƏT
“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən keçirilən “Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunub.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, universitetin tələbə gənclər təşkilatının sədri İlahə Həsənova ölkəmizdə tələbələrin gənclər üçün yaradılan şəraitdən bəhrələnərək layiqli vətəndaş kimi formalaşmalarının vacibliyini qeyd edib.
Mərkəzin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan vətəndaşının maraqlarına xidmət edir.
“Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Qeyd olunub ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək. “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakıda və Azərbaycanın bütün bölgələrində keçiriləcək.