İQTİSADİYYAT
Gələn il inflyasiya birrəqəmli həddə düşə bilər - İqtisadçı

Bakı, 22 sentyabr, AZƏRTAC
Gələn il Azərbaycanda inflyasiyanın birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, cari ilin yanvar-avqust ayları üzrə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü üzrə istehlak qiymətləri indeksinin 111,7 faizini təşkil edib. Yəni inflyasiya səviyyəsi 11,7 faiz təşkil edib, 2022-ci ildə isə bu rəqəm 13,9 faiz olub: “Düşünürəm ki, cari ildə inflyasiya ikirəqəmli ədədlə ifadə ediləcək, 2024-cü ildə isə bu göstəricini birrəqəmli səviyyədə görə biləcəyik. Mərkəzi Bankın funksionallığı bir çox istiqamətlərdə olsa da, nəticə etibarilə ölkədə makroiqtisadi tarazlığın qorunmasına xidmət edir. Yəni, istər pul və məzənnə siyasətinin həyata keçirilməsi, istər pul dövriyyəsinin tənzimlənməsi istiqamətində Mərkəzi Bank makroiqtisadi tarazlığın qorunmasına xidmət edir. Eyni zamanda, maliyyə sabitliyinin təmin olunmasını həyata keçirir və bu funksionallıqdan doğan qərarlar yerinə düşür”.
İqtisadçı qeyd edib ki, hazırkı dönəmdə Mərkəzi Bankın uçot dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı verdiyi son qərar məzənnə sabitliyinin qorunması baxımından doğru addımdır: “Çünki məzənnə sabitliyinin artırılması sərt monetar siyasətdir. Bu siyasətin sərtləşdirilməsi inflyasiyanın cilovlanmasına ehtiyac olduqda həyata keçirilir. Göründüyü kimi, inflyasiya artıq getdikcə sabitləşir. Doğrudur, proqnozlaşdırılan həddə hələ gəlib çatmayıb. Hesab edirəm ki, növbəti il yarım ərzində inflyasiya tam proqnozlaşdırılan və arzu olunan həddə çatdırılacaq”.
Bu baxımdan uçot dərəcəsinin artırılmasına ehtiyac olmadığını deyən E.Əmirovun fikrincə, bu, iqtisadiyyata müəyyən mənada öz təsirini göstərə bilərdi: “Çünki uçot dərəcəsinin artırılması məcmu tələbin artmasını əngəlləyəcək, bu isə iqtisadi aktivliyi zəiflədir. İqtisadi aktivliyin əngəllənməsi isə bütövlükdə iqtisadiyyata, o cümlədən də onun bir çox sektorlarına, makroiqtisadi göstəricilərinə, büdcə daxilolmalarına və s. ciddi təsir göstərir. Bu baxımdan, son qərarın bütün bunları önləmiş olduğunu deyə bilərik”.