GƏNC HÜQUQŞÜNASLAR TƏDRİS KURSU KEÇMİŞLƏR
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildirmişlər ki, ölkəmizdə insan haqlarının təmin edilməsinə yönələn əsaslı islahatların geniş vüsət alması ilə əlaqədar hüquqi maarifləndirmə işinin də gücləndirilməsi, xüsusilə insan hüquqlarının müdafiəsi ilə bağlı hüquqi biliklərin artırılması diqqət mərkəzində saxlanılır.
Bununla əlaqədar, həmçinin işə qəbulla bağlı müsabiqələrə gənclərin hazırlaşmalarına kömək məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən gənc hüquqşünaslar üçün mütəmadi hazırlıq kursları keçirilir. Növbəti belə kurs cari ilin aprel ayında Gəncə şəhərində təşkil olunmuşdur.
Mütərəqqi tədris üsullarından istifadə edilməklə hazırlanmış həmin kursun tədris proqramında insan hüquqlarının təmin edilməsi üzrə ölkədaxili və beynəlxalq vasitələr, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatının mütərəqqi mahiyyəti ilə bağlı mövzulara xüsusi diqqət yetirilmiş, bu sahədə böyük təcrübəyə malik mütəxəssislərin, o cümlədən beynəlxalq ekspertlərin mühazirələri dinlənilmişdir.
Əlliyə yaxın gənc hüquqşünasın iştirak etdiyi kursun sonunda çıxış edən Məhkəmə-Hüquq Şurasının üzvü, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində həyata keçirilən mütərəqqi tədbirləri və onların insan haqlarının qorunmasında rolunu vurğulamış, gənc hüquqşünaslarla keçirilən bu hazırlıq kursunun əhəmiyyətini qeyd etmişdir.
Sonra kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərə Məhkəmə-Hüquq Şurasının şəhadətnamələri təqdim olunmuşdur.