Gənc müəllim: Şagirdə təkcə bilik verməklə kifayətlənmək olmaz
Bakı, 5 oktyabr, AZƏRTAC
Şagirdlər məktəbdə təhsil aldıqları müddətdə müxtəlif müəllimlərlə qarşılaşırlar. Hər bir müəllim xarakteri və davranışı ilə şagirdlərdə müəyyən iz qoyur. Mənim də yaddaşımda belə iz qoyan müəllim olub. Onunla qarşılaşsam, bu həyatda mənə yol göstərdiyi üçün təşəkkür edərdim.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şirvan şəhər Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nərmin Mahmudova deyib. Beynəlxalq Müəllimlər Günü münasibətilə Nərmin müəllimlə söhbətləşdik.
Müsahibimiz orta təhsilini Göyçay rayon Qafur Səmədov adına Mallı-Şıxlı kənd tam orta məktəbində alıb. Deyir ki, məktəb illərində dərslərinə hər zaman hazırlıqlı, məsuliyyətli və sinfin əlaçı şagirdlərindən biri olub. Müəllim olmağı hələ birinci sinifdə oxuyanda arzu edib. Məktəbdə oxuduqca da bu peşəyə sevgisi və marağı artıb. Onuncu sinifdən ali məktəbə hazırlaşmağa başlayıb, həmin il ingilis dili və riyaziyyat fənlərindən repetitor yanına gedib. On birinci sinifdə oxuyanda həmin fənlər üzrə də repetitor olmadan hazırlaşıb. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb.
Müəllimlərin işə qəbulu imtahanında 96.25 bal toplayaraq Şirvan şəhərində Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbdə fəaliyyət göstərməyə başlayıb.
Nərmin Mahmudova hesab edir ki, müəllimlik çətin və məsuliyyətli peşədir, təkcə bilik verməklə kifayətlənmək olmaz: “Müəllim öz davranışı, münasibətilə şagirdin həyatına, düşüncələrinə müsbət təsir göstərməlidir”.
Onun fikrincə, dəcəl şagirdlərlə işləmək çətin olsa da, onları ələ almaq mümkündür: “Dərs zamanı fiziki aktivliyi yüksək olan şagirdlərlə aktivliklərini müsbət yöndə istifadə edə biləcəkləri üsullarla işləyirəm. Şagird hər hansı qayda pozuntusuna yol verərsə, onunla tənəffüs zamanı və ya dərsdən sonra bu barədə söhbət edirəm”.