Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərindəki hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi and içdikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi, gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.
Mərasimdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib.
Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyini xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin olunması və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunub.
Validеynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.