MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı zəngindir
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi, bu həftə də teatrın repertuarı həm məktəblilər, həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 13-də saat 19:00-da teatrın kiçik səhnəsində P.Zyuskindin “Kontrabas” tamaşası nümayiş olunacaq. Aprelin 14-də isə teatrın kollektivi “Şeyx Sənan”, “Leyli və Məcnun” tamaşaları ilə izləyicilərinin görüşünə gələcək. Bundan başqa, sənət ocağının səhnəsində aprelin 16-da eyni saatda Sumqayıt Dövlət Dram Teatrının kollektivi “Zülmətdə işıq” tamaşası ilə çıxış edəcək.
Teatrın məktəblilər üçün nəzərdə tutduğu repertuar da rəngarəngdir. Yaradıcı kollektiv aprelin 14-də saat 12:00 və 14:00-da azyaşlı tamaşaçılarını “Buratinonun macəraları”, aprelin 15-də eyni saatlarda isə “Çeburaşka” tamaşası ilə salamlayacaq.
Rolları Əməkdar artistlər Şövqü Hüseynov, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şəfəq Əliyeva, Almaz Mustafayeva, Kəmalə Hüseynova, aktyorlar Güşvər Şərifova, Elşən Hacıbabayev, Səbinə Məmmədova, Asya Atakişiyeva və başqaları ifa edəcək.