Neft qiymətləri həftəni itkilərlə tamamlayır
Bakı, 5 iyun, AZƏRTAC
Yaxın Şərqdəki münaqişə, ABŞ və İran arasında sülh danışıqları və İsrail ilə Livanın mümkün atəşkəs razılaşması ilə bağlı qeyri-müəyyənliklər fonunda birjalarda xam neft qiymətləri həftəni itkilərlə tamamlamağa yönəlib.
AZƏRTAC xəbər verir ki, hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 95 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 93 dollardan baha satılır. “Light” markalı xam neftin bir barelinin qiyməti bu həftə ərzində 6 faizdən çox bahalaşıb. Lakin həftənin sonunda neft qiymətlərində ilk dəfə enmə müşahidə olunub.
Neft fyuçers müqavilələri isə ABŞ və İranın beş həftədən çox davam edən döyüşlərə son qoyan atəşkəs barədə razılığa gəldiyi aprelin əvvəlindən bəri təxminən 20 faiz dəyər itirib.
Analitiklərin fikrincə, Yaxın Şərqdəki proseslərlə bağlı qeyri-müəyyənlik enerji bazarlarına təsir edir. Bazarda ABŞ-İran sülh danışıqlarına dair nikbinlik və İsraillə Livanın mümkün atəşkəs razılaşması ilə bağlı qeyri-müəyyənliklər arasında tarazlıq yaşanır. Həftənin əvvəlində ABŞ və İran arasında razılaşma əldə ediləcəyi təqdirdə, dünya xam neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdəbirinin keçdiyi Hörmüz boğazından daşınmaların bərpa olunacağı ilə bağlı gözləntilər bazarda nikbinliyə səbəb olmuşdu.
Qeyd edək ki, Yaxın Şərqdəki gərginlikdən əvvəl bir barreli təxminən 70 dollara satılan “Brent”in qiyməti münaqişə ərzində müxtəlif dövrlərdə 90 faizədək bahalaşıb, “Light”ın qiyməti isə təxminən 80 faizdən çox dəyər qazanıb.