GƏNCƏ-DAŞKƏSƏN-XOŞBULAQ AVTOMOBİL YOLUNUN AÇILIŞI
Dövlətimizin başçısı əvvəlcə Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun açılış mərasimində iştirak etdi.
Buraya toplaşan inşaatçılar, eləcə də ətraf kəndlərin sakinləri Prezident İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladılar.
Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamentinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, ümumi uzunluğu 47 kilometr olan 3-cü texniki dərəcəli yolun örtüyü əsasən asfalt-betondur. Yolun yatağının eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Yolboyu 10 körpü bərpa edilmiş və yenidən qurulmuşdur. Daşkəsən şəhərini respublikanın magistral yollar şəbəkəsi ilə birləşdirən bu yeganə yol Azərbaycan Prezidentinin 2006-cı il 13 iyul tarixli sərəncamına uyğun olaraq, qısa müddətdə əsaslı şəkildə təmir edilmişdir. Layihənin ümumi dəyəri 21,3 milyon manatdır. İndiyə qədər 10,2 milyon manatlıq iş görülmüşdür. Qalan 10,1 milyon manat isə əlavə işlərə və əsasən, dayaq divarlarının tikintisinə xərclənəcəkdir. Yola 76 min ton asfalt-beton döşənmişdir. Hərəkətin təhlükəsizliyi üçün 320-dən çox yol işarələri qoyulmuş, 800-dən çox siqnal dirəyi basdırılmışdır. Avtomobil yolu Xanlar rayonunun 5 kəndinin, Daşkəsən rayonunun 37 kəndinin əhalisinin gediş-gəlişini asanlaşdıracaqdır.
Bundan əlavə, Daşkəsən şəhərində 3,5 kilometr küçə təmir olunmuş, 7250 ton asfalt salınmışdır. Bütün işləri “Yolnəqliyyatservis” departamenti görmüş, eyni zamanda, 300-ə yaxın yerli sakin işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi. İnşaatçıları təbrik edərək dedi ki, qısa müddət ərzində Xınalıq, Lerik, Yardımlı yolları, indi də Daşkəsən yolu çəkilmişdir. Sizə təşəkkür edirəm, yüksək səviyyədə, gözəl yol çəkmisiniz. Özü də bu dağ şəraitində yol tikmək çətindir.
Dövlətimizin başçısı sonra inşaatçılarla xatirə şəkli çəkdirdi.