Gəncə Dövlət Universitetinin əməkdaşları AESOP layihəsi çərçivəsində Kiyevdə keçirilən görüşdə təmsil olunublar
Gəncə, 10 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universiteti “Erasmus+” proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (AESOP: Advocacy Establishment for Students through Ombudsman Position) layihəsində tərəfdaş qismində fəaliyyətini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəfə universitetin əməkdaşları Vadim Hetman adına Kiyev Dövlət İqtisad Universitetində yerli tərəfdaşlar və avropalı ekspertlərlə birgə təşkil olunan görüşdə iştirak ediblər.
Görüşün əsas məqsədi Kiyev Dövlət İqtisad Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanışlıq və onların həyata keçirdiyi təcrübələri öyrənmək və digər universitetlərdə mövcud vəziyyəti müzakirə etmək olub. Universitetdə Ombudsman ofisinin rəhbəri Bohdan Yarmolenkonun fəaliyyət planına dair təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Görüşdə Gəncə Dövlət Universitetinin layihə üzrə işçi qrupunun üzvü, İKT şöbəsinin müdiri Asif Həsənov və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Mustafa Hüseynov iştirak ediblər.
Tədbirdə əməkdaşlar Gəncə Dövlət Universitetində yaradılan Ombudsman Mərkəzi, mövcud vəziyyət, layihə çərçivəsində həyata keçirilən digər işlər və fəaliyyət dövründə yaranan problemlər haqqında məlumat veriblər.
Görüşün yekununda layihə ilə bağlı gələcək fəaliyyət istiqamətləri müzakirə edilib, mövzu ətrafında geniş diskussiyalar aparılıb və tövsiyələr verilib.