GƏNCƏ OLİMPİYA İDMAN KOMPLEKSİNİN ÜZGÜÇÜLÜK HOVUZU İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Gəncə Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunun açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı burada gül-çiçək dəstələri ilə qarşıladılar. Dövlətimizin başçısı ümummilli liderimiz Heydər Əliyevin iştirakı və xeyir-duası ilə fəaliyyətə başlamış Gəncə Olimpiya İdman Kompleksində üzgüçülük hovuzunun rəmzi açılışını bildirən lenti kəsdi.
Kompleksin direktoru Fuad Rzayev Prezident İlham Əliyevə məlumat verdi ki, tikintisini “Azərsun Holding” şirkətinin maliyyələşdirdiyi hovuz uzunluğu 25 metr, eni 15 metr, dərinliyi isə 2 metr olan qapalı idman qurğusudur. Tamaşaçılar üçün 150 nəfərlik oturacaq quraşdırılmışdır. Burada beynəlxalq səviyyəli yarışların da keçirilməsi mümkündür. Kompleksin genişləndirilməsi Azərbaycan Milli Olimpiya Komitəsinin regionlarda idmanın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin bir hissəsidir.
Prezident İlham Əliyev idman qurğusunun yardımçı otaqları, gimnastika salonu ilə də tanış oldu.
Dövlətimizin başçısı kompleksin ətrafındakı 150 nəfərlik tribunaları olan voleybol və basketbol meydançalarına da baxdı, Olimpiya kompleksinin ətrafını gəzdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.