Gəncədə “Biotorpaq: Elmlə yaşayan kənd təsərrüfatı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
Gəncə, 4 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Biotorpaq: Elmlə yaşayan kənd təsərrüfatı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında biotorpaq yanaşmasının kənd təsərrüfatında torpaq resurslarının davamlı idarə olunmasında və məhsuldarlığın artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, konfransın elmi biliklərin tətbiqi və innovativ aqrar texnologiyaların inkişafı baxımından əhəmiyyətini qeyd edib, iştirakçıları fəal müzakirələrə və əməkdaşlığa çağırıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi yüksək diqqət və davamlı dəstək bu sahənin dinamik inkişafını təmin edən əsas amillərdəndir. Aqrar sektorun inkişafı, rəqəmsal texnologiyaların tətbiqi, torpaq və su ehtiyatlarının qorunması, eləcə də bu sahədə çalışanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən dövlət proqramları bu siyasətin bariz nümunəsidir. Məhz bu qayğı sayəsində ölkəmizdə kənd təsərrüfatı elmi ilə istehsal arasında daha sıx əlaqələr qurulmaqdadır.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında müasir kənd təsərrüfatında innovasiyaların tətbiqinin vacibliyini vurğulayıb. O, biotorpaq konsepsiyasının elmi əsaslarla kənd təsərrüfatının dayanıqlı inkişafına gətirəcəyi töhfələrdən danışıb və ölkədə innovativ texnologiyaların yayılmasının prioritet olduğunu qeyd edib.
Sonra Elmi-Tədqiqat Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov çıxış edərək, genetik ehtiyatların kənd təsərrüfatında davamlı inkişaf və məhsuldarlığın artırılmasında əhəmiyyətini vurğulayıb. O, biotorpaq yanaşmasının torpaq və bitki genetik resurslarının qorunması üçün yeni perspektivlər açdığını qeyd edib, elmi tədqiqatların innovativ aqrar texnologiyaların tətbiqində əsas rol oynadığını bildirib.
Elmi-tədqiqat institutlarının direktorları çıxışlarında biotorpaq yanaşmasının ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafı üçün mühüm istiqamət olduğunu qeyd ediblər. Onlar gələcəkdə elmi tədqiqatların praktik tətbiqinin genişləndirilməsi və müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Plenar iclasda mövzuya dair elmi məruzələr təqdim olunub.
Tədbirin əsas məqsədi kənd təsərrüfatında torpağın bioloji aktivliyinə əsaslanan biotorpaq yanaşmasının, elmi biliklərlə zənginləşdirilmiş müasir aqrar modellərin və dayanıqlı kənd təsərrüfatının inkişaf istiqamətlərinin müzakirəsidir.