Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb
Gəncə, 15 noyabr, AZƏRTAC
Gəncə şəhərinin ərazisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi olaraq monitorinqlər keçirilir. Aparılan monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin Mahrasa bağı adlanan ərazisində 1 ədəd, Ş.İ.Xətai prospekti 352-də 1 ədəd qeyri-yaşayış binasında aparılan tikinti işləri dayandırılıb, Həsrət Əliyev küçəsində yerləşən yataqxana binasının birinci mərtəbəsinə bitişik artırmanın isə söküntüsü təmin edilib.
Qeyd edək ki, monitorinq Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nin Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.