Gəncədə gimnaziya binasında söküntü işləri aparılan zaman silah tapılıb
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də saat 10:21-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Bağbanlar küçəsi 18 ünvanında yerləşən internat tipli xarici dillər təmayüllü gimnaziyada söküntü işləri aparılan zaman silahın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə regional bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində korroziyaya uğramış avtomat və bir ədəd dolu avtomat darağı aşkarlanaraq Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
Silahın tapıldığı yerin ətrafında 315 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.