Gəncədə kolbasa məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Yevlax şosesində fiziki şəxs Əliyev Mobil Kamil oğluna məxsus kolbasa məmulatlarının istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Müəssisədə istehsal üçün uyğun şəraitin olmadığı, istehsal sahəsinin təmirsiz vəziyyətdə saxlandığı, bütün xammal və inqrediyentlərin çirklənmədən mühafizə edilmədiyi, qablaşdırmada istifadə olunan materialların uyğunluq sertifikatlarının mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin “Elit” əmtəə nişanlı kolbasa məmulatlarının etiketlərində məhsulun tərkibi ilə bağlı təhrif olunmuş, həqiqətə uyğun olmayan məlumatlar müəyyən edilib. Etiket məlumatlarında istehsal prosesində mal ətindən istifadə edildiyi və məhsulun istehsalçısı barədə yanlış məlumatların əksini tapdığı məlum olub.
Aşkar olunmuş faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsulların satışa çıxarılmasının qarşısı alınıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam etdirilir.