Gəncədə mama-ginekoloq və onkoloqlar üçün ilk dəfə olaraq akkreditasiya edilmiş konfrans keçirilib
Gəncə, 27 fevral, Rauf Hacıyev, AZƏRTAC
Səhiyyə Nazirliyinin dəstəyi, Respublika Perinatal Mərkəzin təşkilatçılığı ilə Gəncə şəhərində respublikanın qərb bölgəsinin mama-ginekoloq və onkoloqları üçün Azərbaycanda bu sahədə ilk dəfə olaraq akkreditasiya olunmuş elmi-praktik konfrans təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Vaginal ekosistemin bərpasına innovativ yanaşma” mövzusunda keçirilən konfransın əsas məqsədi regionlarda mamalıq, ginekologiya və onkologiya sahəsində çalışan həkimlərin bilik və bacarıqlarını artırmaqdır.
Konfransı açan Respublika Perinatal Mərkəzin direktoru, Azərbaycan Respublikasının baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, konfransda elmi müzakirəyə çıxarılan mövzularla bu sahədə çalışan həkimlər gündəlik fəaliyyətləri zamanı tez-tez qarşılaşırlar. Bəzən bu cür xəstəliklər qadınlarda xoşagəlməz fəsadlara səbəb olur. Məhz həmin problemlər içərisində qadının uşaqlıq yolunda ekosistemin pozulması ilə bağlı olan xəstəliklər üstünlük təşkil edir. Ona görə də konfransda qadının uşaqlıq yolunun ekosisteminin bərpası və bu sahədəki problemlərin innovativ yollarla diaqnostikası, müayinə və müalicə üsulları elmi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, konfransda müzakirə edilən bakterial vaginoz dünyada qadın cinsi aktı xəstəlikləri içərisində birinci yer tutur. Demək olar ki, 20 faizdən 80 faizə qədər qadınlar bu xəstəliklərlə qarşılaşırlar. Bu xəstəlik əsasən hamilə qadınlarda vaxtından əvvəl doğuş təhlükəsi, vaxtından qabaq dölyanı mayenin axması, döl qişalarının cırılması, həmçinin hamilə qadınlarda bir sıra xoşagəlməz fəsadlara səbəb olur.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Səhiyyə Nazirliyi tərəfindən hər bir həkim ginekoloq 5 il bu sahədə praktik olaraq fəaliyyət göstərməsi üçün mütləq davamlı tibb təhsili almalıdır. Bunun üçün hər bir həkimin ildə 48 bal toplayaraq sertifikasiyadan keçməli olduğunu deyən baş mama-ginekoloq Sevinc Məmmədova bildirib ki, keçirilən konfransda iştirak edən həkimlər mühazirələri dinlədikdən, eləcə də mövzuya aid pretest və postestdən keçdikdən sonda 5 ballıq sertifikatla təltif ediləcəklər.
Konfransın ikinci hissəsində Milli Onkoloji Mərkəzin onko-ginekoloqu Turan Nadirovanın “Hormonal balansın farmakoloji korreksiyası, hormondan asılı şişlərin (mastopatiyalar, miomalar, adenomioz, endometriumun hiperplaziyası) əmələ gəlməsinin müalicə və profilaktikası” mövzusunda elmi məruzəsi dinlənilib.
Sonda məruzəçilər tərəfindən suallar cavablandırılıb və konfransın iştirakçılarına sertifikatlar təqdim olunub.