Gəncədə Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn konfrans keçirilib
Bakı, 10 may, AZƏRTAC
Xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində də silsilə tədbirlərlə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının bu münasibətlə keçirdiyi onlayn konfransda alimlər, politoloqlar, ziyalılar, o cümlədən AMEA-nın Gəncə Bölməsinin əməkdaşları iştirak ediblər.
Konfransda qeyd olunub ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sosial-iqtisadi inkişafının, tarixi irsinin tədqiqi və bərpası istiqamətində davamlı işlərin təməli ötən əsrin 70-ci illərində qoyulub. Ötən müddətdə Ulu Öndərin, daha sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən böyük layihələr şəhərin simasını dəyişib. Elmi-texniki nailiyyətlərə əsaslanan bu layihələr, həmçinin insanların həyatında əsaslı dəyişikliklərlə müşayiət olunub. Müxtəlif sahələrdə çalışan alimlərin ən ümdə vəzifələrindən biri təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının perspektivlərini öyrənmək və bunu geniş ictimaiyyətə çatdırmaqdır. AMEA-nın Gəncə Bölməsinin alimləri bu istiqamətdə fəal işləyir, davamlı tədqiqatlar aparırlar.
Onlayn konfransda, həmçinin Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş daxili və xarici siyasət kursunun uğurlu nəticələri, sosial-iqtisadi sahədə görülən möhtəşəm işlər bir daha diqqətə çatdırılıb və ətraflı təhlil olunub. Eləcə də AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin “Heydər Əliyev və Gəncə”, YAP ərazi təşkilatının sədri Elnur Həsənovun “Heydər Əliyev və gənclər siyasəti” mövzularında məruzələri dinlənilib.
YAP Gəncə şəhər Təşkilatının Heydər Əliyev irsinin öyrənilməsinə həsr etdiyi ənənəvi elmi-praktik konfranslarda səslənən məruzə və çıxışlar sonradan toplu halında nəşr olunaraq daha geniş ictimai dairədə yayılır.