Gəncədə xüsusi karantin rejiminin tələblərini pozan 1004 nəfər cərimə edilib
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 27-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş rejimdə davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili Qoşunların əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktik, həm də reyd xarakterli tədbirlər həyata keçirir. Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Araşdırmalar zamanı ümumilikdə 1015 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlardan 1004-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. On bir şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib. Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 22 nəfəri iaşə obyektlərinin sahibləridir.
Keçirilən tədbirlər zamanı sakinlərə tibbi maska və əlcəklərdən istifadə etmələri tövsiyə olunub, olmayanlara polis əməkdaşları tərəfindən təqdim edilib.