Gəncədə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü qeyd olunub
Gəncə, 20 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rəsmilər Mərkəzin önündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və xatirəsinə dərin ehtiram ifadə ediblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Ardınca Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının bütün uğurlarının təməlində xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır: “Ölkəmizin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin əsas göstəricisi onun milli maraqları ifadə etməsidir. Bu gün həmin maraqlar Müzəffər Ali Baş Komandan, xalqımızın Lideri İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə qorunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər partiyanın nüfuzunu daha da artırıb”.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında vurğulayıb ki, xalqın iradəsindən güc alan Yeni Azərbaycan Partiyası yaranışından milli maraqlara xidmət edən intellektual siyasi qüvvə kimi formalaşıb. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə böyük nailiyyətlər qazanıb və bu gün partiyanın sıraları daha da genişlənməkdədir. Bu isə xalqın Liderə və partiyaya olan inamının göstəricisidir.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov qeyd edib ki, partiyanın 33 illik fəaliyyəti həm siyasi yetkinliyin, həm də Azərbaycan dövlətçiliyinə sədaqətin parlaq təcəssümüdür.
Partiya veteranı Nizami Seyidəliyev ölkənin əldə etdiyi nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən üzvlərə təşəkkürnamələr, partiyaya yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.