REGİONLAR
Gəncənin orta ümumtəhsil məktəblərini bitirən məzunlar qəbul imtahanlarında yüksək nəticə göstəriblər
![Gəncənin orta ümumtəhsil məktəblərini bitirən məzunlar qəbul imtahanlarında yüksək nəticə göstəriblər](/files/2017/3/1200x630/1504698240742649501_1200x630.jpg)
Gəncə, 6 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərinin orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstəriblər.
Şəhər təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, bu il Gəncə ümumtəhsil məktəblərinin məzunlarından 1819-u ali məktəblərə sənəd təqdim edib. Məzunların 939-u respublikamızın ali təhsil ocaqlarına, 9-u isə xarici ölkələrin ali məktəblərinə qəbul olub. Bundan başqa, 116 abituriyent orta ixtisas təhsili müəssisələrinə, 18 abituriyent isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.
Ali məktəblərə qəbul olanların 222-si 500-dən, 85-i 600-dən yuxarı, 32 nəfəri isə 650-dən yuxarı bal toplayaraq yüksək nəticə göstəriblər.
Şəhər məzunları içərisində ən yüksək nəticə göstərən 26 nömrəli məktəb-liseyin pilot sinfinin məzunu Abdulla Əsgərzadə 700 balla Bakı Ali Neft Məktəbinin prosessorların avtomatlaşdırılması fakültəsinə daxil olub. 44 saylı məktəb-liseyin məzunu İsa Səfərov da 695 balla eyni ali məktəbə qəbul olub. 36 saylı tam orta məktəbi bitirən Amil Cəfərquliyev və 44 saylı məktəb-liseyin məzunu Şölə Nuri isə 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsini seçiblər.
Qeyd edək ki, Gəncədə ali təhsil müəssisələrinə qəbul üzrə ən yüksək göstərici şəhərin 2, 4, 20, 26, 27, 29, 32, 33, 38, 39, 43, 44 və 46 saylı məktəblərində olub.