GƏNCLƏR ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI DİGƏR SAHƏLƏRDƏ MÜNASİBƏTLƏRİN GENİŞLƏNMƏSİNƏ BÖYÜK TÖHFƏ VERƏCƏKDİR
Ziyafət Əsgərov Azərbaycan və Türkiyə münasibətlərinin dinamik inkişafından danışmış və əlaqələrimizin bugünkü yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulamışdır. Bildirmişdir ki, son illər qardaş ölkələrimiz arasındakı münasibətlərin inkişafında böyük nailiyyətlər əldə olunmuşdur. Türkiyə Azərbaycanın taleyüklü məsələlərində həmişə öz sədaqətini göstərmişdir. Ölkələrimizin Bakı-Tbilisi–Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrində birgə iştirakı da yaxın vaxtlarda öz bəhrəsini verəcəkdir.
Sonra Milli Məclis sədrinin birinci müavini parlamentlərarası əlaqələrdən, qanunvericilik bazasının təkmilləşdirilməsində gənclərimizin rolundan danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, ermənilərin qondarma “erməni soyqırımı” ilə bağlı Türkiyəyə qarşı əsassız iddialarına qarşı birgə mübarizənin vacibliyini vurğulamışdır.
Z.Əsgərov Türkiyənin hakim partiyasının gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirmiş və əmin olduğunu bildirmişdir ki, bu cür səfərlər, eləcə də gənclər arasındakı əməkdaşlıq əlaqələrinin inkişafı münasibətlərimizin genişlənməsinə böyük töhfə verəcəkdir.
Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin nümayəndə heyətinin rəhbəri Hakan Tütünçü Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verdiklərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, səfər zamanı keçirilən görüşlər, əldə olunmuş razılaşmalar əlaqələrin məqsədyönlü şəkil almasına şərait yaradacaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.