Gənclər arasında keçirilən “Yaşa və öyrən” onlayn dostluq oyununun qalibləri müəyyənləşib
Naxçıvan, 5 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında keçirilən “Yaşa və öyrən” onlayn dostluq oyununun qalibləri müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, oyunda Gənclər Fondunun “Qasırğa”, “Simurq”, “Titanik” və “Rose” komandaları, Mədəniyyət Nazirliyinin isə “Uğur”, “Bermuda”, “Şahbuz”, “Əlincə”, “Hünər” və “Araz qayası” komandaları iştirak edib. Ümumilikdə, hər birində 3 nəfər olmaqla, 10 komandanın tərkibində 30 gənc yarışıb.
İştirakçılara “Tarix”, “Mədəniyyət və incəsənət”, “Ədəbiyyat”, “Teatr”, “Folklor” və “Ardını sən de” kateqoriyaları üzrə suallar ünvanlanıb. Üç hissədən ibarət olan dostluq oyununun yekun nəticələrinə əsasən Mədəniyyət Nazirliyinin Gənclər Birliyinin “Araz qayası” komandası 1-ci, Gənclər Fondunun “Qasırğa” komandası 2-ci, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin “Bermuda” komandası isə 3-cü yerin qalibi olub, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin “Şahbuz” komandası yüksək səviyyəli oyun nümayiş etdirməklə digərlərindən fərqlənib.
Qeyd edək ki, qalib komandalar diplomlara, fərqlənən komanda isə fəxri fərmana layiq görülüblər.