Gənclər peşəkar biznes təlimlərində iştirak ediblər
Siyəzən, 26 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzi, Siyəzən-Şabran KOB Dostu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin birgə həyata keçirdiyi peşəkar biznes təlimləri yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kiçik qruplar şəklində aparılan təlimlər iki ay davam edib.
Təlimlərin əsas məqsədi gənclərin biznes təşəbbüslərinin reallaşdırılması və sahibkarlıq fəaliyyətinə təşviq olunmasından ibarətdir. Həmçinin mövcud biznesini genişləndirmək istəyən gənc sahibkarların fəaliyyətinin təşkili istiqamətləri də təlimlərin mövzusuna daxil idi.
Layihə ərzində gənclər “Peşəkar ünsiyyət bacarıqları”, “Bazar araşdırması üsulları və tətbiqi”, “Təqdimat bacarıqları”, “Korporativ hüquq”, “Məhsul və xidmətin satış texnologiyaları”, “Öz biznesinə başla”, “Vergi qanunvericiliyi və hesabatlılığı”, “Fandreyzinq maliyyələşmə mexanizmləri”, “Sosial media marketinqi”, “Biznes effektiv marketinq”, “Biznes etikası”, “Biznes planın hazırlanması” mövzularında təlimlərdə iştirak ediblər.
Layihənin sonunda təlimlərdə iştirak edən gənclər sertifikatla təltif olunublar.