ELM VƏ TƏHSİL
Gənclər təşkilatları işçilərinin mübadilə proqramına start verilib
Bakı, 16 fevral, AZƏRTAC
Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyi tərəfindən “Strengthening Relations between Youth Workers of Azerbaijan and Georgia” adlı gənclər işçilərinin mübadilə proqramına start verilib.
AZƏRTAC xəbər verir ki, “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin rəhbəri Kübra Rəsul sözügedən layihənin məqsəd, hədəf və fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verib, layihənin gənclər işçilərinin beynəlxalq təmsilçilik imkanları və bacarıqlarının artırılmasında önəmli rol oynayacağını vurğulayıb.
Daha sonra Gənclər Fondunun əməkdaşı Zülfiyyə Yaqubova təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Açılış tədbiri Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadənin “Azərbaycanda gənclər təşkilatları və beynəlxalq təmsilçilik” mövzusunda çıxışı ilə davam edib.
Sözügedən layihənin təşkil edilməsinin əsas məqsədi Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan gənclər siyasətini beynəlxalq müstəvidə tanıtmaq və iki ölkənin gənclər təşkilatları arasında təcrübə mübadiləsini təşviq etməkdir.
Proqramın ilkin mərhələsində layihədə iştirak haqqı qazanan 25 gənclər işçisi milli gənclər siyasəti, mədəniyyətlərarası dialoq, effektiv liderlik və beynəlxalq təmsilçilik kimi bir sıra mütləq əhəmiyyətli mövzular üzrə təlimlərdə iştirak edəcəklər. Beş gün müddətində davam edəcək təlim proqramının sonunda keçiriləcək seçim imtahanını müvəffəqiyyətlə başa vuran 5 iştirakçı Gürcüstana 3 günlük səfər etmək imkanı qazanacaq. Səfər müddətində müxtəlif gənclər təşkilatları, dövlət orqanları, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş və seminarlar təşkil olunacaq. Səfər çərçivəsində seçilmiş iştirakçılar, həmçinin Azərbaycanın gənclər siyasətinin və gənclər təşkilatlarının ən yaxşı təcrübələrini Gürcüstandan olan həmkarları ilə bölüşəcəklər.