Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Gəncləri Günü münasibətilə onlayn görüş keçirib
Bakı, 1 fevral, AZƏRTAC
Əsas missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin və gənclər təşkilatlarının rolunun artırılması olan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə onlayn görüş keçirib.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, şuranın sədri Azər Əliyev tədbirdə çıxış edərək gənclərimizi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbə münasibətilə təbrik edib. O, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində gənclər təşkilatlarının üzərinə düşən məsuliyyətdən danışıb.
Görüşdə NAYORA-nın sədr müavinləri Ülviyyə Axundova və Rafael Hacıbəyli gənclər təşkilatlarının nümayəndələrini əlamətdar gün münasibətilə təbrik edərək bu müddətdə gənclər təşkilatlarının yerli və beynəlxalq istiqamətdəki fəaliyyətindən danışıb, xüsusilə beynəlxalq arenada gənclər təşkilatlarını daha fəal olmağa çağırıblar.
Tədbirdə NAYORA tərəfindən #GənclərləBirlikdə onlayn kampaniyasına (challenge) start verilib. Kampaniya çərçivəsində gənclər təşkilatları ötən illər ərzində gördüyü işləri qısa formada ifadə edərək tapşırığı estafet şəklində digərinə ötürməsi nəzərdə tutulub. Beləliklə, təşkilatların Azərbaycan gəncliyinin inkişafı naminə gördükləri tədbirlər #GənclərləBirlikdə həştəqi altında sosial şəbəkələrdə paylaşılacaq.
Görüşdə, həmçinin dörd nominasiya - gənclərin inkişafına verdiyi töhfəyə, uğurlu beynəlxalq əməkdaşlığa, gənclərlə iş sahəsində və gənclər sektorunda uzunmüddətli səmərəli fəaliyyətinə görə fərqlənən təşkilatlar təltif olunub.